Orient Press

Obelisklər

 

“Obelisk” yunan mənşəli söz olub “balaca şiş” mənasını ifadə edir. İlk obelisklər qədim Misirdə yaranmışdır. Günəşin ruhunun olduğu yeri göstərən bu obelisklər əsas məbədlərin yanında cüt şəkildə qoyulurdu.

 On metr hündürlükdə olan bu möhtəşəm abidələr fironun hakimiyyətinin əzəmət və gücünü göstərir, onun tabeliyində olanlara qorxu hissi aşılayırdı.

Yuxarıya doğru getdikcə ensizləşən və formaca şaquli dayanan dördüzlü sütunlar bütöv bir daş parçasından yonulmuşdu.

Qədim obelisklərin möhtəşəmliyini, ilk növbədə, Roma imperatorları qiymətləndirirdi. Bizim eranın əvvəllərində zəbt olunmuş ölkələrin rəmzlərinin Roma imperiyasının paytaxtına gətirilməsi qədim sivilizasiyanın  izlərinin itməsinə səbəb oldu.

Obelisklər orta əsrlərdə Roma papasının göstərişi ilə Romanın əsas  meydanlarında quruldu. Bu gün İtaliyanın paytaxtı Roma şəhəri “Obelisklər paytaxtı” sayılır. Orada 12-dən çox obelisk var.

XIX əsrdə obeliskləri öz ərazilərinə gətirmiş İngiltərə, ABŞ və Fransa onları monumental  abidəyə  çevirdilər.

Obelisklərin sirləri artıq neçə min illlərdir ki, alimləri maraqlandırır. Texnikanın olmadığı bir dövrdə onların necə və hansı şəraitdə qurulması elm üçün hələ də sirr olaraq qalır.

Qədim Misirdən aparılmış  20-dən çox obelisk günümüzədək gəlib çıxmışdır.

 

1.    Londondakı “Kleopatranın iynəsi” obeliski

B.e.ə 1475-ci ildə Firon III Tutmosun göstərişi əsasında  Misir şəhəri Geliopolda,  Tanrı Ra məbədinin qarşısında 2 obelisk ucaldılmışdır. B.e. əvvəlində romalılar bu obeliskləri İsgəndəriyyə şəhərinə gətirmiş, Kleopatranın Mark Antoninin şərəfinə tikdirdiyi Kesarium məbədində yerləşdirmişlər.

Bu obelisk sonralar, 1878-ci ildə Londona gətirilmiş və Viktoriya sahilində iki sfinksin əhatəsində yerləşdirilmişdir. 18 metr hündürlüyü olan bu  qranit monolitin çəkisi 186 tondur.

 

2.    Nyu-Yorkdakı “Kleopatranın iynəsi” obeliski

1881-ci ildə ikinci “Kleopatranın iynəsi” obeliski Nyu-Yorkdakı mərkəzi parkda quraşdırılmışdır.

3.    Feodosi obeliski

Firon III Tutmosun taxta çıxmasının 30 illiyi münasibətilə ilə e. ə. 1460-cı  ildə daha iki obelisk yaradılmış və Karnak məbədinin qarşısında qoyulmuşdur. Onun üzərindəki yazılar fironun Mesopotamiyadakı qələbələrini əks etdirir. Eramızın 357-ci ilində  İmperator II Konstantinin əmri ilə hər ikisi 38 metr hündürlükdə, 543 ton olan obelisklər İsgəndəriyyə şəhərinə gətirilmişdir.  Eramızın 390-cı ilində  imperator I Feodosi onlardan birini Konstantinopola gətirərkən yolda obelisk parçalanmış, ondan 20 metr uzunluğu və 282 ton ağırlığı olan  hissə ayrılmışdır. Bu hissə 6 metrlik pyedestalın üzərində İstambulun Sultan Əhməd  meyadanında qoyulmuşdur.

4.    Lateran obeliski

Karnak məbədindəki 2-ci obelisk İsgəndəriyyəyə  gətirilsə də, burada qurulmamışdır. Eramızın 357-ci ilində obelisk Roma şəhərinə gətirilmiş və Böyük sirkdə qoyulmuşdur. XVI əsrdə Papa V Sikstin əmri ilə bərpa edilmiş, təpəsi xaçla bəzədilmiş və Lateran kilsəsi ilə üzbəüz qoyulmuşdur.

Bu, Qədim Misirin günümüzə qədər çatmış ən hündür obeliskidir. Onun hündürlüyü 37 metr, çəkisi 330 tondur.

     5. Fransadakı Luksork obeliski

E. ə 1300-cü ildə II Ramzesin əmri ilə Luksorkdakı  Amon Ra məbədinin qarşısında 2 obelisk qoyulmuşdur. Bu obelisklər 1830-cu ildə Fransaya bağışlansa da, Parisə onlardan ancaq biri gətirildi.

1836-cı ildə 22,8 metr hündürlüyü, 250 ton çəkisi olan bu obelisk Həmrəylik meydanında ucaldıldı.

6.Boboli obeliski

Digər iki obelisk e.ə. 1300-cü ildə Geliopolis şəhərinin hamisi tanrı Atumun məbədini bəzəyirdi. Sonradan İmperator Domisian tərəfindən Romaya aparılmış, İsida məbədində yerləşdirilmişdir.

1790-cı ildə 6 metrlik, 9 tonluq obelisk Boboli bağına aparılmış və amfiteatrın mərkəzində qoyulmuşdur. Monolitin yuxarı hissəsində qızılı rəngdə kürə, monolitin yerləşdiyi pyedestalın üstündə 4 tısbağa vardır.

 

    7.  Doqali obeliski

İmperator Domisian tərəfindən Romaya aparılmış Atum məbədindəki   2-ci obelisk  arxeoloq  Rudolf Lançiani tərəfindən 1883-cü ildə Santa-Mariya kilsəsində tapılmışdır. 6 metrlik obelisk 1887-ci ildə İtaliya-Efiopiya müharibəsində  Doqali döyüşündə qəhrəmancasına həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmışdır. Ümumi hündürlüyü 17 metr olan obeliskə həlak olmuş 500 döyüşçünün adı yazılmış lövhələr vurulmuşdur.

   8. Flaminio obeliski

  Bu obelisk II Ramzesin və Mernehtaxın  hakimiyyəti illərində ucaldılmış, Geliopolis şəhərində Günəş məbədində yerləşdirilmişdir. Bizim eranın 10-cu ilində imperator Oktavian Avqustun göstərişi əsasında Monteçitorio obeliski ilə birlikdə Romaya gətirilmiş, Böyük sirkdə yerləşdirilmişdir. 24 metr hündürlüyə, 235 ton çəkiyə malik obeliskin postament və təpəsində yerləşdirilmiş xaçla birlikdə ümumi hündürlüyü 36,5 metrdir.

   9. Monteçitorio obeliski

Geliopolis şəhərinə eramızın 10-cu ilində imperator Oktavian Avqust tərəfindən gətirilmiş bu obeliskin hündürlüyü 22 metr, çəkisi 230 tondur.  Bu obeliskdən nəhəng Günəş saatlarının əqrəbi yerinə  istifadə edilmişdir. X əsrdə dağılmış obeliskin qalıqları 1502-ci ildə tapılsa da, onun tam şəkildə bərpası 1793-cü ildə Roma papası VI Piy tərəfindən həyata keçirilmişdir.

    10. Vatikan obeliski

Oktavian Avqust tərəfindən İsgəndəriyyədən Geliopolis şəhərinə hansı firona aid edildiyi məlum olmayan daha bir obelisk gətirilmişdir. Eramızın 37-ci ilində imperator Kaliqulanın göstərişi ilə bu obelisk Romaya gətirilmiş və Neron sirkində qoyulmuşdur.

1586-cı ildə Papa V Sikstin göstərişi və memar Domeniko Fontanın rəhbərliyi altında Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda yerləşdirilmişdir.

25,50 metr  hündürlüyü olan  bu obelisk  Lateran obeliskindən sonra ikinci obelisk hesab edilir. Postament və təpəsindəki xaçla birlikdə ümumi hündürlüyü 41 metr olan bu abidə indiyə qədər zədələnməyən yeganə obeliskdir.